SPF-li nəmləndirici krem üz dərisinin müdaifiəsini təmin edir
Sizcə günəş vannası qəbul etməzdən qabaq, dəriyə ultrabənövşəyi şüalardan müdafiə daxil olmaqla bir neçə funksiyaya malik lasyon və ya krem çəkmək kifayətdirmi? Ultrabənövşəyi şüalardan qorunduğu qeyd olunan, ən bahalılar da daxil olmaqla, məşhur nəmləndirici vasitələr üzərində aparılan son təcrübələr göstərdi ki, yalnız 10 vasitədən 1-i dərini qorumağa və ultrabənövşəyi şüalanmanı dəf edə biləcək effektiv filtrə malikdir. Bir çox üzə qulluq vasitələrinin tərkibində yetərli təsirə malik olmayan və sadəcə tələb olunan maddələrin bəzi hissələri olur, onlar isə maksimal müdafiəni təmin etməyə qadir deyil. Bu səbəbdən günəş vannası qəbul etməzdən əvvəl, dərini məhz ultrabənövşəyi şüalardan qorumaq üçün nəzərdə tutulmuş xüsusi vasitələrdən çəkmək məsləhətdir.
Ən düzgün seçim maksimal müdafiə dərəcəsinə malik vasitə istifadə etməkdir
Qaralmadan qoruyan 100% effektiv krem yoxdur. Bir çox qadınlar SPF 30-dan artıq qoruyucu təsirə malik kremlərə ehtiyac duymurlar. Ancaq, əgər sizin dəriniz çox həssasdırsa və siz zəif təsirə malik (hər iki saatdan bir çəkilməli olan) qaralma əleyhinə lasyonlardan istifadə edirsinizsə, dərinizin zədələnmək riski artır. Əgər hər hansı dərman qəbul edirsinizsə, həkiminizdən həmin dərmanların dərinizi ultrabənövşəyi şüalara qarşı daha həssas edib etmədiyini öyrənin. Bu qan təziqini normada saxlayan və bir sıra antibiotik qrupuna daxil olan dərmanlar ola bilər.
Günəşdən qoruyucu kremlər melanoma riskini artıra bilər
Vaxtaşırı kütləvi informasiya vasitələrində yüksək müdafiə indeksinə malik günəşdən qoruyucu kremlərin təhlükəli olması haqqında məlumat verilir. 90-cı illərin əvvəllərində Birləşmiş Ştatlarda UVB filtrlərin (B tip şüalardan qoruyan) üzərində tədqiqat aparılmışdır. Həmin dövrdə A tip ultrabənövşəyi şüalar vacib hesab edilməmişdir. A tip şüaların daha təhlükəli olduğu üzə çıxanda, istehsalçılar günəşdən qoruyucu kremlərə hər iki şüalanmadan qoruya bilən filtrlər əlavə etməyə başladılar və beləliklə, melanoma riskini azaltdılar.
Əgər uşaqlıqdan qaralmağa alışmısınızsa, deməli səhhətiniz artıq zərər görüb
Avstraliyalı mütəxxəssislər araşdırma aparıblar (bu xəstəlik Avstraliya üçün spesifikdir) və sübut ediblər ki, yaşdan asılı olmayaraq günəşdən qoruyucu kremlərin istifadəsi faydalıdır və onlardan istifadə etmək heç vaxt gec deyil.
Bir çox qadınların günəş şüalarına qarşı allergiyası var və xüsusi qoruyucu vasitələr onlara kömək edə bilmir
Əslində fotokontakt dermatit (günəşə qarşı allergiya) problemi artmaqdadır. Ancaq, bir çox sınaqlar və təcrübələr göstərdi ki, heç olmaca SPF 30 faktorlu qoruyucu kremlərdən istifadə allergik səpgilərdən qorumağa yardımçı olur. Əgər siz onlardan allergiya simptomlarını gördükdən sonra istifadə etmisinizsə, sizə antihistamin gellər və antihistamin dərmanlar kömək edə bilər.